Sumqayıtda ağacların kəsilməsi ilə bağlı yayılmış məlumat yerində araşdırılmışdır
Bakı, 14 oktyabr (AZƏRTAC). Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionun arxasında ağacların yandırılması və sonradan kəsilməsi ilə bağlı mətbuatda yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən dərhal yerindəcə araşdırılmışdır.
Bu barədə AZƏRTAC-a ETSN-in mətbuat xidmətindən məlumat verilmişdir.
Nazirliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən təxminən 800 kvadratmetr sahədə 150 ədəd şam və sərv ağacının yandırıldığı, sonradan kəsildiyi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazidə yanğın hadisəsi bir müddət əvvəl baş vermiş və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülmüşdür. Yanğının başvermə səbəbinin öyrənilməsi və ağacların kəsilməsində təqsirkar şəxslərin müəyyən edilməsi məqsədi ilə ETSN tərəfindən hüquq mühafizə orqanlarına rəsmi məktub göndərilmişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həmin əraziyə hər hansı bir obyektin tikintisi üçün icazə sənədi verilməmiş və gələcəkdə də belə bir sənədin verilməsi nəzərdə tutulmamışdır. Lakin yerli sakinlərin məlumatlarına görə, ağacların kəsildiyi yer naməlum iş adamının marağındadır.
ETSN bu ehtimala əsaslanaraq ərazini nəzarətə götürmüşdür. Hazırda nazirlik tərəfindən həmin sahə tör-töküntülərdən təmizlənir və yerində ağac əkilir.