Sumqayıtda “Bu gün sizin gününüzdür, uşaqlar!” adlı tədbir keçirilib
Sumqayıt, 30 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan “Bu gün sizin gününüzdür, uşaqlar!” adlı tədbir keçirilib. 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin, Mədəniyyət İdarəsi Həmkarlar İttifaqı (MİHİ) Sumqayıt Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Sumqayıtın Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, dualar oxunub.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova tədbirin həm Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, həm də iyunun 1-də bir yaşı tamam olan, Şuşa qartalı Qubad Əliyevin yadigarı Qubadın doğum gününə həsr edildiyini bildirib.
Sumqayıt Dövlət Dram Teatrının aktyorları Yalçın Səlimov və Məryəm Hüseynlinin aparıcılığı ilə keçən tədbir uşaqların əyləncəsinə rəng qatıb. Animatorlardan - panda, kloun, dovşanın səhnəyə gəlişi isə şənliyi daha da maraqlı edib. Fatma Ağazadənin vətənpərvərlik mövzusunda söylədiyi şeir, “Uşaqların bayramı” mahnısının ekspromt olaraq balacalar tərəfindən karaoke formasında oxuması alqışlarla qarşılanıb.
“Şahinlər” və “Ayxan“ rəqs qrupunun çıxışları da alqışlarla qarşılanıb.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı uşaqları bayram münasibətilə təbrik edərək, şəhid əmanətlərinə kitab və müxtəlif hədiyyələr təqdim ediblər.
Şəhid Qubad Əliyevin atası çıxış edərək, şəhid ailələrinə göstərilən daimi diqqətə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.