Sumqayıtda il ərzində bütün ictimai nəqliyyat nağdsız ödəniş sisteminə keçəcək
Sumqayıt, 10 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş təkcə şəhər mərkəzində deyil, qəsəbələrə hərəkət edən avtobuslarda da tətbiq olunacaq.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ictimai nəqliyyatda nağdsız ödənişlər Abşeron rayonun “Ceyranbatan”, Hacı Zeynalabdin Tağıyev qəsəbələrini və “Stansiya Sumqayıt” yaşayış massivini də əhatə edəcək.
Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar (smartfonlar, “ağıllı” saatlar və s.) ilə indi daha rahat ödəyə bilərlər. Sumqayıt ərazisində 22 marşrut xətti üzrə 206 avtobus işləyir. Artıq 50-dən çox avtobusa nağdsız ödənişlərin edilməsi üçün cihazlar quraşdırılıb.
Son zamanlar şəhərin 20-yə yaxın marşrut xəttinə müasir tələblərə cavab verən 200-dən çox avtobus çıxarılıb. Artıq sərnişinlər kontaktsız işarəsi olan bütün bank, əməkhaqqı, pensiya və təqaüd kartları ilə, eyni zamanda NFC funksiyası olan cihazlar, virtual kartlar, hətta xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər. Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə etməlidirlər. Balansı isə EManat və MilliÖn ödəmə terminalları vasitəsilə artırmaq mümkündür.
Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacaq.