SUMQAYITDA KONQRES KEÇİRİLMİŞDİR
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Lüdviqshafen burqomistri Ernst Merkel, Almaniyanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Klaus Brennekke konqresin iştirakçılarını və qonaqlarını salamlamışlar.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) nümayəndəsi, “Almaniyanın və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsinin rəhbəri Yohan Qauli konqres haqqında məlumat vermişdir. O demişdir ki, Sumqayıt və Lüdviqshafen 1977-ci ildən tərəfdaşlıq əlaqələrini uğurla həyata keçirirlər. 2002-ci ildə əlaqələrin yaranmasının 25 illiyi münasibətilə keçirilən şənliklərdə tərəfdaş şəhərlərin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətində iştirakı barədə razılıq imzalanmışdır.
Təşkilatın Bakı ofisinin xətti ilə Sumqayıtda bir sıra kiçikhəcmli işlər görülmüşdür. Almaniya hökuməti onların uğurla həyata keçirildiyini nəzərə alaraq, bu təcrübəni davam etdirmək niyyətindədir. Son layihələrin gerçəkləşdirilməsi zamanı Lüdviqshafendə 10 mütəxəssisdən ibarət Sumqayıt komandası yaradılmışdı. Onlar layihələrin bilavasitə Sumqayıtda gerçəkləşdirilməsi ilə məşğul olur, dəfələrlə seminarlar, məşğələlər keçirmiş, zəruri biznes-planların, kadastrların hazırlanmasında iştirak etmişlər.
Konqresdə çirklənmiş ərazilər, su və kanalizasiya sistemləri, şəhər planlaşdırmasının əsasları kadastrlarının hazırlanması üzrə işlərin gedişi barədə məruzə dinlənilmiş, məişət tullantılarının utilləşdirilməsi üçün poliqon, kanalizasiya xidmətlərinin və su təsərrüfatının modernləşdirilməsi konsepsiyası müzakirə olunmuşdur.
Məktəblərdə ekoloji tərbiyə, Alman dili mərkəzinin fəaliyyəti və ekopark yaradılmasının aktuallığı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Mütəxəssislər həyata keçiriləcək ideyalar – yeniyetmələr üçün etimad telefonu, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün məktəb və s. barədə də danışmışlar.
Konqresin yekunlarına əsasən, yeni layihələrin həyata keçirilməsinin davam etdirilməsi qərara alınmışdır.