Sumqayıtda peşə təhsili alan gənclərlə görüş keçirilib
Bakı, 10 mart, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Sənaye və Yüksək Texnologiyalar, həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil mərkəzlərində işgüzar görüş keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşün məqsədi gənclərlə peşəyönümlü işin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması, peşə məsləhətləri və karyera inkişafı kimi sahələrdə işin genişləndirilməsidir.
Görüşdə bu istiqamətlər, eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlər, müvafiq planın hazırlanması barədə müzakirələr aparılıb.
Sonra təhsil mərkəzlərinin auditoriyalarında gənclərlə söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.