Sumqayıtda tir atıcılığı turniri keçirilib
Sumqayıt, 24 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin meydançasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Qisasın alındı, Xocalı!” adlı tir atıcılığı üzrə turnir keçirilib. Yarış şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər təhsil şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb. Turnirdə ümumtəhsil müəssisələrini təmsil edən şagirdlərdən ibarət komandalar iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, 12 komandanın təmsil olunduğu yarışda iştirakçılar 10 metr məsafədəki hədəfi nişan alıblar. Yarışın yekun nəticəsinə əsasən l yeri 4 nömrəli tam orta məktəbin “Şuşa”, ll yeri 15 nömrəli tam orta məktəbin “Snayper” və lll yeri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin “Od ərlər” komandaları tutublar.
Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif ediliblər.