Sumqayıtdakı “Lüdviqshafen” parkında yeraltı kanalizasiya xətləri yenidən qurulub
Sumqayıt, 15 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Şəhər ərazisində kanalizasiya kollektorunun qəzalı vəziyyətdə olan hissələrinin yenidən qurulması, məhəllədaxili kanalizasiya xətlərində və binaların zirzəmilərində təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt Su-kanal İdarəsinin rəisi Xalid Quliyev məlumat verib. O, şəhər ərazisində yaranan məişət-tullantı sularının 70 faizdən çoxunu kanalizasiya nasos stansiyasına nəql edən kanalizasiya kollektorunun 9-cu mikrorayon “Lüdviqshafen” parkında, 39-cu məhəllədə yerləşən nasos stansiyasına qədər istismara yararsız hissəsinin dəyişdirilərək yenidən qurulduğunu bildirib.
X.Quliyev hazırda həmin layihənin davamı olaraq şəhərin 9-cu mikrorayonunda yerləşən “Lüdviqshafen” parkından “Aygün” mərasim evinədək olan 350 poqonometr hissəsində tikinti-quraşdırma işlərinin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.