Süni intellektlə dəstəklənən telefon tətbiqi qulaq infeksiyalarını dəqiq diaqnoz edə bilib
Bakı, 7 mart, AZƏRTAC
Alimlər tərəfindən hazırlanmış süni intellektlə dəstəklənən telefon proqramı qulaq infeksiyalarını dəqiq diaqnoz edə bilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Pittsburq Universitetində aparılan araşdırmada qeyd olunub.
Alimlər 2018-2023-cü illər arasında universitet xəstəxanasına gələn 635 uşağın qulaq pərdəsi ilə bağlı 1151 videonu bir araya gətirərək, kəskin orta damar diaqnozunda dəqiqliyi artıracaq proqram hazırlayıb. Tədqiqatçılar qulaq pərdəsinin forması, yeri, rəngi və şəffaflığı kimi xüsusiyyətləri araşdıraraq, infeksiyaları aşkar etmək üçün iki fərqli süni intellekt modelinə 921 video yükləyiblər. Hər iki model 93 faiz dəqiqliklə qulaq infeksiyalarını aydınlaşdıra bilib. Səviyyəsindən asılı olaraq, həkimlərin bu xəstəlikləri aşkar etmə nisbəti 30-84 faiz arasında dəyişir. Tədqiqatçılar, yeni hazırlanmış süni intellektlə dəstəklənən telefon tətbiqinin həkimlərə kömək edə biləcəyini vurğulayıblar. Çünki uşaqlıqda ən çox görülən infeksiyalardan olan kəskin orta qulaq infeksiyasını digər qulaq xəstəliklərindən ayırd etmək çətindir.
Pittsburq Universitetinin professoru Alejandro Hoberman qulaq infeksiyalarında tez-tez səhv diaqnoz qoyulduğunu bildirib: “Yanlış diaqnoz lazımsız antibiotik müalicəsi ilə nəticələnir və bu, mövcud antibiotiklərin səmərəliliyini təhlükə altına ala bilər. Hazırlanmış tətbiq düzgün diaqnozun qoyulmasına və düzgün müalicənin istiqamətləndirilməsinə kömək edir”.