SİYASƏT
SURAXANI RAYONUNDA GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq, Bakının Suraxanı rayonunda da gənclərin növbəti həqiqi hərbi xidmətə yola salınması münasibətilə mərasim keçirilmişdir.
Rayonun hərbi komissarı, polkovnik Niyazi Zeynalov AZƏRTAC-ın müxbirinə demişdir ki, rayon icra hakimiyyətinin, ictimaiyyətin, ağsaqqalların nümayəndələri və valideynlər mərasimdə çıxış edərək çağırışçı gənclərə tövsiyələrini bildirmiş, müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət etməyin böyük şərəf olduğunu, düşmən təcavüzünə məruz qalmış torpaqlarımızın azad olunması işində gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirmiş, onlara hərbi sirlərə dərindən yiyələnməyin, silahdan düzgün istifadə qaydalarına əməl etməyin vacibliyini vurğulamışlar.
Gənclər Vətənin layiqli keşikçisi, qalib ordunun əsgəri kimi geri dönəcəklərinə söz vermiş, dövlətimizin bayrağını öpərək, toplanış məntəqəsinə yola düşmüşlər.