Suraxanıda “Regionlarda qadın sahibkarlığın inkişafı” layihəsi reallaşdırılır
Bakı, 18 may (AZƏRTAC). Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşkilatçılığı ilə Azərbaycan Sənaye Bankı və Suraxanı Rayon İcra Hakimiyyəti “Regionlarda qadın sahibkarlığın inkişafı” layihəsini reallaşdırmışlar.
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Sənaye Bankının sədr müavini Cenk Bartın, qadın iş adamları və biznes fəaliyyətinə başlamaq arzusunda olan qadınlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir elektron-lektoriya zalında davam etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Sənaye Bankının sədr müavini Cenk Bartın “Regionlarda qadın sahibkarlığın inkişafı” layihəsi haqqında geniş məlumat vermişlər.
Bildirilmişdir ki, layihənin məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsidir.
Layihənin əsas hədəf qrupları bizneslə məşğul olan və ya biznes fəaliyyətinə başlamaq arzusunda olan qadınlardır. Texniki dəstək və biznesin inkişafı xidmətləri, qadınlar üçün biznesə başlamaq məqsədi ilə mikrokreditlərin əldə edilməsi üzrə seminarların təşkili və ictimai məlumatın təqdim olunması məqsədilə qadın liderlərin qeydiyyat bazasının yaradılması kimi fəaliyyətlərin nəzərdə tutulduğu layihə vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığına bariz nümunədir.
Layihənin qarşıya qoyduğu məqsədlərdən biri də regionların sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılması ilə bağlı Dövlət Proqramlarının icrasına dəstək olmaqdadır. Qadın sahibkarlığının inkişafı və məşğulluğunun yerli səviyyədə təmin edilməsi də bu proqramların tərkib hissəsidir.
Tədbirin sonunda iştirakçıların sualları Azərbaycan Sənaye Bankının məsul əməkdaşları tərəfindən cavablandırılmışdır.