Tacikistanın təhsil işçiləri STEAM İnnovasiyalar Mərkəzində olublar
Bakı, 30 avqust, AZƏRTAC
Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti ilə bir neçə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Təhsil İnstitutunun direktor müavini Könül Abaslı və Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədovun iştirakı ilə keçirilən görüşdə beynəlxalq qiymətləndirmələr üzrə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələsi müzakirə olunub.
Görüşün ikinci hissəsi Elm və Təhsil Nazirliyində davam edib. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev tərəfindən məktəblərin idarə edilməsi, keyfiyyət planlaması, nəzarət və təminat məsələləri barədə təqdimat olub. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və Aparat rəhbərinin müavini Nərminə Hüseynovanın iştirakı ilə keçirilən görüşdə isə məzmun, müəllimlərin inkişafı, milli və beynəlxalq qiymətləndirmə müzakirə edilib.
Tacikistan nümayəndə heyəti, həmçinin STEAM İnnovasiyalar Mərkəzində ekskursiyada olub. Burada qonaqlara “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov tərəfindən STEAM təhsili barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının Ə.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdədir.