Tahir Mirkişili: Strateji Planın həyata keçirilməsi 98 faiz yerinə yetirilib
Bakı, 12 aprel, AZƏRTAC
Hesablama Palatasının hesabatında 48 audit planlaşdırılsa da, 42-si həyata keçirilib. Strateji Planın həyata keçirilməsi 98 faiz yerinə yetirilib. Hesabatda müsbət nəticələr olsa da, nöqsanlar da olmamış deyil. Əsas məqsəd səhvləri və nöqsanları ortaya çıxarmaq və onların aradan qaldırılmasının təmin olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili aprelin 12-də Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirələri zamanı deyib.
Komitə sədri bildirib ki, “Şuşa İli” ilə əlaqədar olaraq 2022-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 6,5 milyard manat vəsait xərclənib. Bu vəsaitin audit olunması hesabatda öz əksini tapıb.
“Müsbət amillərdən biri də budur ki, ötən il büdcə xərcləri 4 milyarddan çox artıb. Bu, audit olunmalı vəsaitin artmasını özündə əks etdirir”, - deyə komitə sədri diqqətə çatdırıb.
Nəticəlilik və hesabatlılığın əhəmiyyətini qeyd edən Tahir Mirkişili büdcə və onun nəticələrinin hesabatda öz əksini tapmasını müsbət hal kimi dəyərləndirib. O, auiditin impakt təsirinin birbaşa ölçülməsinin təmin edilməsi, monitorinqin genişləndirilməsini də müsbət hal kimi qiymətləndirib.