Tam onlayn-rejimə keçən təhsil müəssisələrinin əcnəbi tələbələri ABŞ-ı tərk etməli olacaqlar
Vaşinqton, 7 iyul, AZƏRTAC
Tramp Administrasiyasının nümayəndələri bildiriblər ki, əgər əcnəbi tələbələrin təhsil aldıqları tədris müəssisəsi tamamilə onlayn-rejimə keçərsə, o halda onlar ölkəni tərk etməli olacaqlar.
AZƏRTAC ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin bəyanatına istinadla xəbər verir ki, ölkədə F-1 və M-1 vizaları ilə olan və bu payız tamamilə onlayn-rejimə keçəcək ali məktəblərdə təhsil alan tələbələr ölkəni tərk etməli, yaxud hüquqi statusu dəstəkləmək məqsədilə təhsil müəssisəsinin əyani şöbəsinə keçmək üçün tədbirlər görməlidirlər.
Bundan başqa, yeni qaydalara müvafiq olaraq, əgər ABŞ-da oxumağı qərar almış əcnəbi tələbələrin təhsil aldıqları ali məktəb tamamilə onlayn-tədrisə keçərsə, belə tələbələrə viza verilməyəcək. Tələbələrin Birləşmiş Ştatlarda qalmasından ötrü dərslərin bir hissəsi əyani keçirilməlidir. Bəzi kollec və universitetlər, o cümlədən Harvard Universiteti payız semestri məşğələlərini yalnız onlayn-rejimdə keçirməyi düşünür. Bu, universitet kampuslarında koronavirusun yayılmasının qarşısının alınmasından ötrü nəzərdə tutulub.
Yeni qaydalar əcnəbi tələbələr üçün ciddi problemlər yaradacaq. Onlar ya ölkəni tərk etməli, yaxud da əyani tədrislə təmin edə biləcək yeni təhsil müəssisəsinə keçməlidirlər ki, bununla da özlərinin ABŞ-da hüquqi statuslarını qoruyub saxlaya bilsinlər. Ölkəni tərk etməyə məcbur olan tələbələr isə onlayn-rejimdə təhsil almaqla digər maneələrlə qarşılaşacaqlar. Məsələn, Avropa və Asiyadan olan tələbələr saat fərqi səbəbindən məşğələlərdə gecə iştirak etmək məcburiyyətində olacaqlar.
Beynəlxalq Təhsil İnstitutunun məlumatına görə, ABŞ-da ali təhsil alan əcnəbi tələbələrin sayı bu ölkədəki tələbələrin ümumi sayının 5,5 faizini təşkil edir. 2018/2019-cu tədris ilində bu rəqəm 1,1 milyona bərabər olub.
AZƏRTAC-ın Vaşinqton bürosu