ELM VƏ TƏHSİL
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC
Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin iştirakçıları AMEA Arxeologiya və Antropologiya İnstitutunda apardıqları elmi tədqiqatların nəticələri barədə təqdimat keçiriblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, İtaliyanın Bolonya Universitetinin Mədəni irs departamentinin professoru, Osteoarxeologiya və paleoantropologiya laboratoriyasının müdiri (BONES Laboratoriyası) Stefano Benazzi təqdimatında qədim insanların öyrənilməsində paleopromeotik, diş histomorfometrik, həmçinin rəqəmsal morfometrik və biomexanik üsulların istifadəsinin nəticələri barədə məlumat verib.
Kanadanın Simon Fraser Universitetinin Geoarxeologiya laboratoriyasının müdiri professor Françesko Bernanın mühazirəsi arxeoloji ərazilərin formalaşma proseslərinin öyrənilməsi və onların stratiqrafiyasının mikroskopik miqyasda dəqiq səciyyələndirilməsində istifadə olunan üsullara həsr edilib.
Hayfa (İsrail) Universitetinin Arxeologiya və Dəniz Mədəniyyətləri Məktəbinin Paleolaboratoriyasının rəhbəri professor Omry Barzilai qədim insanların daş alətlərinin istehsal texnologiyalarının tədqiqat üsulları və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Beynəlxalq layihənin Azərbaycan üzrə koordinatoru, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Trasoloji və eksperimental arxeologiya laboratoriyasının müdiri Əjdər Babazadə isə beynəlxalq layihənin mahiyyəti və respublikamızda aparılacaq tədqiqatların elmi əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, Avropa Elmi Tədqiqat Şurasının dəstəklədiyi layihədə İtaliya, Albaniya, Azərbaycan, Xorvatiya, Macarıstan, Çexiya, Rumıniya, Türkiyə, İsrail, İran və Özbəkistan olmaqla 11 ölkə iştirak edir. 2024-2030-cu illər ərzində aparılması nəzərdə tutulan layihənin əsas məqsədi neandertalların yoxolma səbəblərinin araşdırılmasıdır. Araşdırmalar üç istiqamətdə - arxeoloji, mikro-arxeoloji və arxeometrik analizlər, nəhayət, paleoekosistem üzrə aparılacaq. Layihə çərçivəsində Azərbaycanda qədim insan məskənlərinin müəyyənləşdirilməsi, toplanmış arxeoloji materialın analizi, respublikamızda arxeometrik laboratoriyaların təşkili və gənc mütəxəssislərin yetişdirilməsi də nəzərdə tutulub.
Mühazirələrdən sonra alimlər təqdimat iştirakçılarının suallarını cavablandırıblar.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev qonaqlarla görüşüb. Görüşdə aparılmış fikir mübadiləsi zamanı yaxın gələcəkdə bu layihə çərçivəsində Azərbaycanda beynəlxalq tərkibli ekspedisiyanın təşkili, azərbaycanlı gənc alimlərin xarici elmi mərkəzlərdə ixtisaslaşması üzrə institut ilə İtaliyanın, Kanadanın və İsrailin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məramnamələrinin hazırlanması nəzərdə tutulub.