Tarix Muzeyində onlayn tədbir: Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir
Bakı, 9 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş tədbirə muzeyin əməkdaşları, şəhər və rayon ümumtəhsil məktəbləri və liseylərin müəllim və şagirdləri qoşulublar.
Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisi ilə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Azərbaycan övladının nümayiş etdirdiyi rəşadət ölkədə ona bənzəmək istəyənlərinin sayını artırdı. Mübariz İbrahimov vətənpərvərliyin, cəsarətin, mübarizliyin rəmzidir. O, üzərinə düşən Vətəni sevmək borcunu canını ortaya qoymaqla verdi.
Tədbirdə şəhidlərimizin əziz xatirəsinə ithaf olunan və Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” operasının ideya müəllifi Əməkdar Artist Ramil Qasımov çıxış edib. “Mübariz” operası nümayiş olunub.
Sonda Nəsimi rayonu Texniki-Humanitar liseyin və İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında vətənpərvərliyə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.