“Tariximizin Qan yaddaşı” mövzusunda onlayn konfrans keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB), “Gənclərin Töhfəsi” İctimai Birliyi və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin təşkilatçılığı ilə 31 mart soyqırımının 103-cü ildönümünə həsr olunmuş “Tariximizin Qan yaddaşı” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş nitqi ilə açan TUMİB-in sədri Çingiz Bayramov tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova gəncləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməyə səsləyiblər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında bildirib ki, erməni vəhşiliklərinin dünyaya çatdırılması üçün yeni əsərlərin yazılmasına, yeni filmlərin çəkilməsinə böyük ehtiyac var.
Digər çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu qeyd ediblər.
Konfransda mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.