Taxtakörpüdə laçınlı ziyalılarla görüş keçirilmişdir
Ağcabədi, 17 may (AZƏRTAC). Ağcabədinin Taxtakörpü ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətində respublikanın müxtəlif elm və təhsil müəssisələrində, dövlət idarəetmə və hüquq-mühafizə orqanlarında çalışan laçınlılarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə laçınlı ziyalıların iştirakı ilə 34 nömrəli orta məktəbdə açıq dərslər keçilmiş, məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə ağac əkilmişdir. Görüş iştirakçıları sonra ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov elm, təhsil, səhiyyə, ədəbiyyat sahəsində, dövlət idarəetmə və hüquq-mühafizə orqanlarında çalışan həmyerliləri salamlamış, ötən görüşdən sonra Taxtakörpüdə və laçınlıların müvəqqəti məskunlaşdığı digər ərazilərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, ötən bir il ərzində Taxtakörpü ərazisində 1006 hektar sahədə meliorasiya işləri görülmüş, Taxtakörpü qəsəbəsində, Kamallı, Cağazur obalarında artezian quyularının qazılmasına başlanmışdır. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Taxtakörpü su anbarından Qarakeçdi və Şeylanlı obalarına gedən magistral içməli su xəttinin yararsız vəziyyətdə olan 8,7 kilometr hissəsi plastik boru ilə əvəz olunmuş, obalarda 5 bulaq tikilmişdir. Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə elektrik şəbəkəsi müəssisəsi yaradılmışdır. “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Taxtakörpü ərazisində iki uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ulu öndər Heydər Əliyevin yeni büstü qoyulmuş, ətrafında abadlıq işləri görülmüşdür. Səkkiz min kvadratmetr sahədə şoranlaşmış torpaq çıxarılaraq yerinə münbit torpaq tökülmüş, ərazidə 4500 gül, 500 həmişəyaşıl ağac əkilmişdir. Qəsəbədə Heydər parkının sahəsi genişləndirilmiş, mərkəzi küçəyə ümummilli liderimizin adı verilmişdir. Taxtakörpü ərazisində 552 ailəlik yeni qəsəbənin tikintisinə başlanmış, daha 1500 evin tikilməsi üçün Dövlət Proqramına əlavələr edilmişdir. Görülmüş işlər sayəsində Taxtakörpü abad qəsəbəyə çevrilmişdir.
Tədbirin Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ərəfəsində keçirildiyini deyən R.Cəbrayılov bildirmişdir ki, rayonun işğal edilməsi nəticəsində 127 yaşayış məntəqəsində 13745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 142 səhiyyə, 460 ticarət obyekti, 30 rabitə qovşağı, peşə məktəbi, tarix-diyarşünaslıq muzeyi məhv edilmiş, ümumilikdə rayona o zamankı qiymətlərlə 7,1 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.
Çıxış edənlər görüşün əhəmiyyətini yüksək qiymətləndirmiş, belə görüşlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulamışlar. Çıxışlarda əminliklə bildirilmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ölkəmizin milli maraqlarına uyğun həll olunacaq və doğma torpaqlarımız tezliklə erməni işğalçılarından azad ediləcəkdir.
Yığıncaq iştirakçıları sonra Qarabağ müharibəsində şəhid olmuş rayon sakinlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, önünə əkil və gül dəstələri qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır