Tbilisidə Azərbaycanın milli geyimləri nümayiş etdirilib
Tbilisi, 28 may, AZƏRTAC
Mayın 28-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın milli geyimləri nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyinin təşkil etdiyi sərgidə 20-yə yaxın kişi, qadın və uşaq milli geyimləri göstərilib.
İctimai birliyin sədri Laləndər Novruzova AZƏRTAC-a bildirib ki, 28 May - Respublika Gününə həsr olunmuş sərginin məqsədi, həmçinin Azərbaycan mədəniyyətini, müxtəlif bölgələrə və dövrlərə aid milli geyim forma və üslublarını təbliğ etmək, milli mədəniyyətimizin özünəməxsusluğunu Gürcüstan ictimaiyyətinə tanıtmaqdır.
L.Novruzova milli geyimlərimizin nümayişinin gürcü ictimaiyyəti tərəfindən maraqla qarşılandığını qeyd edib və gələcəkdə bu cür sərgilərin sayının artırılacağını və satış-sərgilərin də təşkil olunacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi