TDƏŞ: Türkiyədə seçkilər açıq, şəffaf, beynəlxalq seçki standartlarına uyğun şəkildə keçirildi
Bakı, 9 iyun, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) seçkiləri beynəlxalq müşahidə missiyası qurumun baş katibi Ramil Həsənovun rəhbərliyi ilə iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində səsvermənin gedişini izləyib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, missiyanın üzvləri İstanbulda 57, İzmirdə 19, Trabzonda 12, Vanda 18 seçki məntəqəsində olublar. Onlar bəzi məntəqələrdə səsvermənin gedişini izləyib, səslərin hesablanması prosesində iştirak ediblər.
TDƏŞ-in missiyasının seçkilərlə bağlı bəyanatında bildirilir ki, müşahidəçilər seçkilər ərəfəsində və səsvermə günü heç bir qanun pozuntusu ilə rastlaşmayıblar. Müşahidəçilərin səsvermə prosesini izləmələri üçün hər cür şərait yaradılıb. Hüquq mühafizə orqanlarının məntəqələrdə yerli seçki komissiyalarının işinə heç bir müdaxilə hallarına rast gəlinməyib.
Şuranın müşahidəçilər missiyası bildirib ki, seçkilər açıq, şəffaf, bərabər rəqabət şəraitində, Türkiyə qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun şəkildə keçirilib.