MƏDƏNİYYƏT
“Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub
Bakı, 1 sentyabr, AZƏRTAC
Xətai rayonunda “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sərgi rayon icra hakimiyyəti, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov çıxış edərək qeyd ediblər ki, əhali və xüsusən gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması başlıca məsələlərdəndir və hər kəsin vətəndaşlıq borcudur. Bu tipli sərgilər yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə təşkil olunur.
Müsabiqəyə Azərbaycanın müxtəlif guşələrindən 700-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 800-dən çox əsər göndərilib. Sərgidə nümayiş edilmək üçün müəllifin yaşı, mövzu, kompozisiyası, rəng seçimi nəzərə alınmaqla 152 əsər seçilib.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflərə sertifikatlar verilib.