TƏCAVÜZKAR ERMƏNİSTAN İNSANLIĞA QARŞI CİNAYƏTLƏR TÖRƏTMƏKDƏ İTTİHAM OLUNUR
Milli Məclisin deputatı R.Hüseynov bu sənədlə əlaqədar AZƏRTAC-ın xüsusi müxbirinə demişdir: - Hələ 2001-ci ilin aprel ayında, Avropa Şurası Parlament Assambleyasında həqiqi üzv kimi fəaliyyətə başladığımız ilk vaxtlarda biz “Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının tanınması haqqında” sənəd hazırlamışdıq. Sənədin hazırlanmasının təşəbbüskarı Azərbaycan nümayəndə heyətinin o zamankı rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idi. Sənədə imza atmış ilk şəxslərdən biri o zaman siyasi komitəyə rəhbərlik edən, hazırda isə Avropa Şurasının Baş katibi Terri Devis olmuşdur.
Ötən beş il ərzində Azərbaycan nümayəndə heyəti Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətlərdə xeyli iş görmüş, ciddi sənədlər hazırlamışdır. İndi təqdim olunmuş sənəd bu istiqamətdə atılan mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasəti bir əsrdən artıq müddəti əhatə edir. Terror aktları, qanlı cinayətlər, sui-qəsdlər, partlayışlar, müxtəlif təxribatlarla müşayiət olunan bu soyqırımının müxtəlif məqamlarını əks etdirən çoxlu sənədlər, əşyayi-dəlillər və fotolar mövcuddur. Biz həm dünya parlamentləri ilə əlaqələr qurmalı, dünyanın ən müxtəlif nüfuzlu mətbuat orqanlarında çıxış etməli, həm də bu sənədlərin toplu halında xarici dillərdə nəşr etdirilməsi üçün xeyli iş görməliyik.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasəti bəzən faşistlərin ölüm düşərgələrində törətdiyi cinayətləri belə kölgədə qoyur. Ermənistan Azətbaycana qarşı milli nifrət üzərində köklənmiş siyasətini həyata keçirərkən, eyni zamanda, insanlıq əleyhinə çox ciddi cinayətlər törətmişdir. Bu cinayətlər cəzasız qalmamalı, mütləq dünyanın ali hüquq müstəvisinə çıxarılmalı, hüquqi və siyasi qiymətini almalı, Ermənistan törətdiyi bu əməllərə görə layiqli cəzasına çatmalıdır.