Tədqiqatçı Sevinc Cabbarova “Biznes və iqtisadi inkişaf” jurnalının redaksiya heyətinin üzvü seçilib
Naxçıvan, 29 avqust, AZƏRTAC
Bu günlərdə iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova ABŞ-da nəşr edilən “Biznes və iqtisadi inkişaf jurnalı”nın redaksiya heyətinin üzvü seçilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Biznes və iqtisadi inkişaf jurnalı” (JBED) beynəlxalq, peşəkar və resenziyalı bir nəşrdir. 1967-ci ildə qurulan World Cat adlı dünyanın ən böyük biblioqrafik məlumat bazasına daxil olan jurnal “Academic Resource İndex”, “Eurasian Scientific Journal İndex” və “CrossRef” bazalarında indeksləşir.
Jurnal tədqiqat nəticələri, təcrübə və fikir mübadiləsi üçün imkanlar yaradır və hər hansı bir biznes və iqtisadi sahədə mütəxəssislər arasında davam edən müzakirə üçün platforma təqdim edir.
Jurnalda nəşr edilən məqalələr əsasən marketinq, menecment, maliyyə, mühasibat, iqtisadiyyat və digər sahələrə yönəldilib. Hazırda jurnalın redaksiya heyətinin ABŞ, Böyük Britaniya, Çin, Rusiya, Almaniya, Cənubi Koreya, Kanada, İspaniya, Portuqaliya, İtaliya, Türkiyə, Polşa, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Avstraliya, Malayziya, Hindistan, Meksika və başqa ölkələrdən üzvü var.
Tədqiqatçı Sevinc Cabbarova haqqında məlumat jurnalın saytında (www.jbed.org) yerləşdirilib, redaksiya heyətinin üzvlüyünə qəbul haqqında sertifikat göndərilib.
Qeyd edək ki, Sevinc Cabbarova hazırda AMEA Naxçıvan Bölməsinin doktorantıdır, “Naxçıvan Muxtar Respublikasında emal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və iqtisadi səmərəliliyinin artırılması istiqamətləri” adlı elmlər doktorluğu dissertasiyası üzərində işləyir. O, həm də 2018-ci ildən bəri Rusiya Federasiyasında nəşr olunan “İqtisadiyyat. Hüquq. Dövlət” adlı beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür.