Təhsil Kompleksində 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya
Bakı, 19 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib, şəhidlərin müqəddəs xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova 20 Yanvarın tarixə qanlı faciə kimi daxil olduğunu qeyd edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Azərbaycanın şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışan direktor vurğulayıb ki, o müdhiş gecə xalqımızın qan yaddaşına əbədi həkk olunub.
Qara Yanvarda gülləyə tuş gələn insanlar arasında uşaqların, məktəblilərin də olduğunu qeyd edən S.Xanlarova bildirib ki, 13 yaşlı şəhid Larisa Məmmədova məktəbimizin şagirdi idi. Larisa da yaşamaq istəyirdi, təhsil almaq istəyirdi, onun da ürəyində gözəl arzuları, istəkləri var idi. Amma imperiya ordusunun qəfil gülləsi Larisanın da arzularını ürəyində qoydu.
Direktor Təhsil Kompleksində Larisa Məmmədova adına Uşaq Birliyinin fəaliyyət göstərdiyini də xatırladıb.
S.Xanlarova vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransında faciə ilə bağlı həqiqətləri açıqlayıb, günahkarların cəzalandırılmasını tələb edib.
Dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini bildirən direktor Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyətini vurğulayıb, məktəbliləri vətənpərvər olmağa səsləyib.
Tədbirdə məktəblilər 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.