Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün praktiki seminar keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi və məktəbdənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə növbəti praktiki seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən nazirliyin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın əsas məqsədi barədə danışıb. Şöbə müdiri maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılması zərurəti, bu baxımdan seminarın əhəmiyyəti, eləcə də dövlət büdcəsində elm və təhsil xərclərinin həcmi, qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini verib.
Daha sonra seminar təqdimat və müzakirələrlə davam etdirilib.
Seminarın sonunda çoxsaylı suallar cavablandırılıb, təklif və tövsiyələr irəli sürülüb.