Təhsil Nazirliyinin jurnalistlər üçün təlimi davam edir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyinin KİV nümayəndələri üçün 2 günlük təlimi davam edir.
AZƏRTAC xəbər verir ki, təlimin ikinci günündə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri “Təhsil mövzusu mətbuatda”, “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı”, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi”, “Təhsildə İKT”, “Təqaüdlərin və təqaüd yerlərinin artımı”, “Məktəbdənkənar fəaliyyətin təşkili”, “Məktəbəhazırlıq: eksternal imtahanların keçirilməsi”, “Sağlamlıq imkanları məhdud uşaqların təhsili”, “Peşə təhsili” mövzularında təqdimatlar edəcəklər.
Xatırladaq ki, 30-dək media nümayəndəsinin iştirak etdiyi təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Təlimin ilk günündə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında”, “Təhsil haqqında” qanunlara dəyişikliklər, “Məktəblinin dostu - təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat - mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzularında təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.