“Təhsil” RİM-in velosipedçiləri Azərbaycan kuboku yarışında 2 medal qazanıblar
Bakı, 19 aprel, AZƏRTAC
İsmayıllıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən oğlan və qızlar arasında təşkil olunan velosiped üzrə Azərbaycan kubokunun dördüncü mərhələsində “Təhsil” Respublika İdman Mərkəzinin komandası uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, reqlamentə görə 3 kateqoriyada keçirilən yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U-23/ elit yaş kateqoriyası üzrə velosipedçilər mübarizə aparıblar. Belə ki, yarışın birinci günündə yeniyetmə oğlanlar və qızlar 3, gənclər, elit və U-23 yaş kateqoriyası üzrə idmançılar isə 6, növbəti gün isə qrup ötüşməsində yeniyetmə oğlanlar və qızlar 60, digər yaş kateqoriyası üzrə idmançılar isə 90 kilometr məsafədə ən güclüləri müəyyənləşdiriblər.
Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri Lala Abdurahmanova gümüş, İradə Abdurahmanova isə bürünc medal qazanıblar.