Tələbələr “Naxçıvanbank” və “Naxçıvansığorta” şirkətində təcrübə kursu keçəcəklər
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” adlı tədbir olub.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev təlimin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, tələbələrin bu təlimlərdə iştirak etməsi onların nəzəri biliklərinin təcrübədə formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Rektor birgə əməkdaşlığın perspektivliyinə toxunub və təlimin işinə uğurlar arzulayıb.
“Naxçıvanbank” ASC-nin İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, muxtar respublikada digər sahələr kimi bank sisteminin də inkişafı diqqətdə saxlanılır. Azərbaycan Respublikasının ilk regional bankı olan “Naxçıvanbank” ASC 11 sentyabr 2008-ci il tarixdə fəaliyyətə başlayıb və muxtar respublika vətəndaşlarının, kiçik və orta sahibkarların etibarlı maliyyə dəstəkçisinə çevrilib.
Vurğulanıb ki, muxtar respublika banklarında hesablaşma və kassa xidmətləri, depozitlər, əmanətlər, kredit, bankomat, POS-terminal və lizinq əməliyyatları həyata keçirilir. Bundan əlavə, banklar tərəfindən müştəri ödənişlərinin idarəetmə sistemi, sürətli pul köçürmələri, kommunal və dövlət rüsumlarının ödənişi, internet və mobil bankçılıq, SMS məlumatlandırma və xarici valyuta mübadiləsi əməliyyatları da aparılır.
Sonra məruzələr ətrafında çıxışlar olub. “Bank, bank sektorunda mövcud vəziyyət” adlı çıxışında “Naxçıvanbank”ın Daxili Audit Departamentinin direktoru Rafiq Xəlilov bank nədir, bankçılıqda mövcud vəziyyət, bankçılıqda ilk addım, sığortanın mahiyyəti, bankların göstərdiyi maliyyə xidmətləri, bankların təşkili qaydaları haqqında danışıb. Bank sirri, ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid tələbələrə geniş izah edilib.
“Naxçıvanbank” və elektron bankçılıq” mövzusunda bankın Əməliyyat Departamentində şöbə rəisi Günay Cəfərova Azərbaycan Respublikasının tək regional bankı olan “Naxçıvanbank” haqqında məlumat verib və elektron və internet bankçılıq və Ani Ödəniş Sisteminin (AÖS) üstünlüklərini qeyd edib.
“Naxçıvanbank”ın Kredit Departamentinin direktoru Fərman Quliyev kredit və onun mahiyyəti, kreditin növləri, kredit mütəxəssisi üçün zəruri biliklər, kreditləşmə mərhələləri, Əməliyyat Departamentinin əməliyyatçısı Xavər İbrahimova isə müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti, müştərilərin gözləntiləri, müştərilərlə ünsiyyət qaydalarına toxunublar. “Naxçıvanbank”ın Ödəniş kartları şöbəsinin rəisi Səbuhi Xəlilov ödəniş kartları, plastik kartların üstünlükləri, ödəniş kartının strukturu, növləri, POS-terminal və üstünlükləri, ödəniş terminalları haqqında danışıb.
“Bank sektorunda marketinq” haqqında çıxışında Marketinq və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zərifə Abbasova marketinqdə əsas meyarın dəyər olduğunu diqqətə çatdırıb. Bank sektorunda 3 əsas marketinq növündən, marketinq strategiyasından, marketinqin növlərindən danışaraq sığortanın mahiyyəti, sığortada əsas anlayışlar və onların izahı, təkrar sığorta, sığortaçı və təkrarsığortaçı anlayışlarının geniş izahı verilib.
“Naxçıvansığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Tural Əkbərov sığorta növləri, sığorta müqaviləsi və şəhadətnaməsi, sığorta haqqı və sığorta məbləği barədə çıxış edib. “Naxçıvansığorta” ASC-nin fəaliyyətindən bəhs edən Sığorta satışları şöbəsinin əməkdaşı Leyla Hüseynli bildirib ki, 5 könüllü sığorta növü üzrə fəaliyyət göstərilir. Vurğulayıb ki, müştərilərə sığorta xidmətlərindən rahat və məsafəli yararlana bilmək üçün “Naxçıvanbank”a məxsus ödəmə terminallarından və SmartPay onlayn ödəniş sistemindən istifadə etməklə banka yaxınlaşmadan sığorta haqlarını ödəmə imkanı yaradılıb.
Müzakirələr şəklində davam edən tədbir tələbələrin qiymətləndirilməsi ilə davam edib. Suallara düzgün cavab verən və yaxşı danışıq qabiliyyəti üzrə seçilən 8 tələbə qiymətləndirilib və sertifikatla təltif edilib. Qeyd edək ki, seçilən tələbələr 15 gün ərzində “Naxçıvanbank” və “Naxçıvansığorta” şirkətində təcrübə kursu keçəcəklər.