“Təmiz Şəhər” ASC məlumat turlarına start vermişdir
Bakı, 28 mart (AZƏRTAC). “Təmiz Şəhər” ASC tələbələr üçün Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına ilk məlumat turu təşkil etmişdir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, ilk öncə tələbələr Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyəti ilə tanış olmuşlar. Zavodun inzibati binasında qonaqlara müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunmuş, “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tələbələrə zavodun iş prinsipini izah etmişdir. Film nümayişindən sonra qonaqlar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun idarəetmə otağına baş çəkmiş, burada quraşdırılmış monitorlar vasitəsi ilə zavodda gedən prosesləri onlayn müşahidə etmişlər, “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən zavodda gedən çeşidləmə işi qonaqlara ətraflı izah edilmişdir.
Sonra qonaqlar Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər etmişlər. İlk öncə iştirakçılara iclas otağında zavod haqqında film nümayiş etdirilmiş, “Təmiz Şəhər” ASC və zavodun nümayəndələri qonaqları maraqlandıran sualları cavablandırmışdır. İdarəetmə otağında şüşə arxasından və onlayn-manitorlar vasitəsi ilə əyani olaraq tullantıların yandırılması prosesini izləyən iştirakçılara zavodun iş mexanizmi haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, tullantıların idarə olunması sahəsində irəliləyişlər haqqında əhalinin məlumatlandırılması məqsədi ilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Turlarda iştirak etmək istəyən hər kəs [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.