Tərtər: əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Tərtər, 8 iyul, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 29 min 133 hektar əkin sahəsi Tərtərçay, İncəçay, Yuxarı Qarabağ kanalı üzərində yerləşən Bəyimsarov nasos stansiyası və subartezian quyuları vasitəsilə suvarılır. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2021-ci ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə kanallarda 129 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri görülüb. 8 ədəd hidrotexniki qurğu, 8 ədəd keçid təmir olunub. Cari ildə Bəyimsarov nasos stansiyasının əsaslı təmir edilməsi nəzərdə tutulur.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan su anbarının işğaldan azad edilməsi sayəsində bu il rayonun əkin sahələrinin təsərrüfat suyuna olan tələbatının ödənilməsi yaxşılaşdırılıb. 2021-ci ilin ötən dövründə Tərtərçay su mənbəyindən 75 min 481 kubmetr su götürülüb. Bu, əvvəlki illə müqayisədə xeyli artıqdır. Təsərrüfatlara 52 min 836 kubmetr su verilib. 8872 hektar dənli, 4648 hektar texniki, 9861 hektar yem bitkilərinin, 791 hektar bostan-tərəvəzin, 1444 hektar çoxillik bitkilərin və 3517 hektar həyətyanı sahələrin vaxtlı-vaxtında suvarılması təmin edilib. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib. Belə ki, Tərtər taxılçıları bu il 8800,2 hektar taxıl sahəsindən 35 min 968,5 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla əvvəlki ilə nisbətən 1,2 sentner artaraq 40,9 sentner olub. Hazırda pambığın və digər kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir.