Tərtərdə əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür
Tərtər, 25 dekabr, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 29 min 133 hektar əkin sahəsi Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, Tərtər çayı, İncəçay və subartezian quyuları vasitəsilə suvarılır. İdarənin balansında 626,8 kilometr uzunluğunda suvarma kanalları var.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2020-ci ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə 498 min kubmetr kanallarda lildəntəmizləmə işləri görülüb, 20 ədəd hidrotexniki qurğu, 20 ədəd hidrotexniki post təmir edilib. 2,5 kilometr beton kanallarda cari təmir işləri aparılıb.
Suvarma zamanı su itkisinin qarşısının alınması məqsədilə Mollalar kanalına beton üzlüyün çəkilməsi başa çatdırılıb. Uzunluğu 6 kilometr olan kanalın əvvəlki illərdə 4 kilometr hissəsi, 2020-ci ildə isə 2 kilometr hissəsi betonla üzlənib. Suvarma kanalı vasitəsilə Düyərli, Sarıcalı, Mollalar, İsmayılbəyli, Qaynaq, Azad Qaraqoyunlu, Küçərli kəndlərində 3500 hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının təmin edilməsi üçün hər il yeni subartezian quyularının qazılması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən, Tərtər rayonunun 18 yaşayış məntəqəsində 21 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq quyuların 12-si qazılıb.
2020-ci ildə Tərtər rayonunun əkin sahələrinin suvarılması üçün Tərtərçaydan 102 min kubmetr su götürülüb. Təsərrüfatlara 66 min kubmetr su verilib. 2020-ci ildə rayon ərazisində əkilmiş pambıq sahələri 3,4 dəfə, taxıl sahələri 2 dəfə, yem bitkiləri 3,3 dəfə, günəbaxan 3,8 dəfə, qarğıdalı 2,4 dəfə, çuğundur 4 dəfə, bostan-tərəvəz 3,3 dəfə, çoxillik bitkilər 6,3 dəfə, həyətyanı sahələr 3,8 dəfə suvarılıb. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib. Belə ki, Tərtər taxılçıları bu il 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub. Rayonun pambıq tarlalarında da yüksək məhsuldarlıq qeydə alınıb. Bu günədək 11 min 510,80 ton məhsul toplanıb və hər hektardan məhsuldarlıq 38,61 sentner təşkil edir. Bu göstərici ilə Tərtər rayonu pambıqçılıq rayonları arasında ikinci yerdədir.
Rayonda 2020-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin 6650 hektarı, həmçinin 120 hektar yaşıl yem, 832 hektar təzə yonca, 23,5 hektar baş soğan, 4 hektar sarımsaq, 2 hektar noxud əkinlərinin suvarılması başa çatdırılıb.