Tərtərdə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Tərtər, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə növbəti qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 233 nəfər qan verib.
Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.