Texnologiya Universitetində texnoloji yeniliklər və innovasiyalar nümayiş olunub
Gəncə, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində tələbələrin elmi-texniki yaradıcılıq fəaliyyətinin məhsulları sərgisi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə universitet kafedralarının elmi və texniki yaradıcılıq fəaliyyətinin məhsulları, fundamental və tətbiqi tədqiqatlar, o cümlədən texnoloji yeniliklər və innovasiyalar nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərovla Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev sərgiyə baxış keçirib.
Sərgidə tələbələrin yaradıcılıq fəaliyyətinin məhsulları da yer alıb.
Sərginin keçirilməsində məqsəd elmi-texniki və tətbiqi yaradıcılığı, gənclərin biznes ideyalarını dəstəkləmək və inkişaf etdirməkdən, eləcə də universitetdə startap hərəkatının genişləndirilməsindən ibarətdir.