“The Australian” qəzetində avstraliyalı səyyahın Azərbaycana səfərinin təəssüratlarına dair məqalə dərc edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Avstraliya İttifaqının “The Australian” qəzetində Azərbaycana səfər edən xanım səyyahın təəssüratlarının əks olunduğu məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, 70 yaşlı səyyah uşaqlıqdan Azərbaycana səyahət etmək arzusunda olduğunu yazır: “Uşaqlıqda xəritədə Avstraliya ilə bağlı göstəricilərə baxanda həmişə Azərbaycanın adını görürdüm və bu ölkə məndə maraq yaradırdı. Bir gün mən qərara gəldim ki, nə vaxtsa Azərbaycana səyahət edəcəyəm. Valideynlərim də bəzən zarafatla mənə sual verirdilər ki, Azərbaycana nə vaxt gedirsən? Nəhayət, vaxt gəldi çatdı, mən viza əldə etdim və Azərbaycan Hava Yolları ilə bu ölkəyə səyahət etdim. Mən Azərbaycana ilk dəfə getdiyimdən təəssüratımın necə olacağı ilə bağlı həyəcanlı idim. Lakin oraya çatan kimi elə aeroportda ilk rastlaşdığım insanların çox səmimi, qonaqpərvər olduğunu gördüm. Məni aeroportdan şəhərə aparan taksinin sürücüsü ingilis dilində danışır və mənə məlumat verirdi. O, mənim bu qədər uzun yolu gəlib bir ay Azərbaycanda qalacağımı eşidəndə təəccübləndi. Növbəti gün avtobusla Bakıdakı məşhur məscidə gedərkən yerli xanımlardan biri mənə çörək verdi. Sonradan mənə məlum oldu ki, kiməsə çörək vermək dostluq əlamətidir”.
Bakıda qədimliklə müasirliyin əsrarəngiz vəhdət təşkil etdiyini yazan müəllif binaların örtüyündəki fasadların şəhərə xüsusi gözəllik verdiyini vurğulayır: “Xəzər dənizi sahillərində yerli əhalinin gəzintisi şəhərə ayrı gözəllik gətirir. Daha möhtəşəm səyahətim isə Qubadan avtomobillə Xınalıq kəndinə oldu. Bu ərazilərdən ətrafa çox gözəl mənzərə açılır. Başı qarlı dağlar gözləri qamaşdırır.
Azərbaycana səyahətimin ən gözəl məqamlarından biri də Lahıca səfərim oldu. Daş küçələr, qədim evlər bu kəndə xüsusi gözəllik verir. Kənddə ingilis dilini bilən bütün insanlar mənimlə söhbət etməyə gəlirdilər.
Beləliklə, deyə bilərəm ki, Azərbaycan mənim indiyədək səyahət etdiyim ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycanda dadlı yeməklər, gözəl məkanlar, xüsusilə də qonaqpərvər, səmimi insanlar məndə zəngin təəssürat yaratdı. Mənim Azərbaycanla bağlı uşaqlıq arzularım gözləntilərimdən də artıq oldu”.