Tibb Universitetinin prorektoru nüfuzlu beynəlxalq təşkilatın ordeninə layiq görülüb
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev iki beynəlxalq mükafata layiq görülüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı professor dünya elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Avropa Ordeni” ilə təltif edilib.
Professor Sabir Əliyev, həmçinin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Tibb Universitetinin prorektoruna təşkilatın diplomu da təqdim olunub. Diplom Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Uolter Kofler və qurumun Azərbaycan bölməsinin rəhbəri Elçin Xəlilov tərəfindən imzalanıb.
Qeyd edək ki, İctimai Mükafatlar Şurası (UNCOPA) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən və dünya miqyaslı alimləri müxtəlif nailiyyətlərinə görə dəyərləndirən qurumdur.
Beynəlxalq Elmlər Akademiyası (BEA) 1984-cü ildə iki dəfə Nobel mükafatı laureatı Linus Paulinqin təşəbbüsü ilə yaradılıb və onun təsisçiləri dünya miqyasında görkəmli siyasi və ictimai xadimlər olan 119 Nobel mükafatı laureatıdır. BEA-nın Azərbaycan bölməsi ümummilli lider Heydər Əliyevin dəstəyi ilə yaradılıb.