Tibbi əməkdaşlıq çərçivəsində İsrail Azərbaycana humanitar yardım göndərib
Bakı, 23 dekabr, AZƏRTAC
İsrail ilə Azərbaycan arasındakı tibbi əməkdaşlıq çərçivəsində İsrailin Azərbaycandakı səfirliyi tibbi avadanlıqların ilk hissəsini Azərbaycana təqdim edib.
İsrailin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müvəqqəti işlər vəkili Doron Peer tibbi avadanlıqları TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevə və TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin protokol üzrə baş mütəxəssisi Ramin Burcəliyevə təhvil verib. Humanitar yardıma 3 ədəd Koaqulyator 400 HP TOUCH, LED və 6 ədəd EKQ 12 kanal ECG200S 80609274 Cardioline daxildir.
“İsrail səfirliyi Azərbaycan hökuməti ilə tibbi və humanitar əməkdaşlığı intensivləşdirir. Bu gün səfirlik TƏBİB vasitəsilə Azərbaycan xəstəxanalarına qabaqcıl tibbi avadanlıqlar təqdim etdi. Bu yardım oktyabr ayında Gəncədə və Bakıda göstərilən təcili tibbi və humanitar yardıma əlavə olaraq gətirilib. Bir neçə həftə ərzində səfirlik tərəfindən daha çox sayda tibbi avadanlıq təhvil veriləcək.
Bitməkdə olan 2020-ci il qlobal pandemiya və minlərlə insanın yaralandığı və çox sayda insana təsir göstərdiyi silahlı qarşıdurma səbəbindən səhiyyə sistemi üçün çətin bir il oldu. İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər.
2021-ci ilə hazırlaşarkən, ölkələrimiz arasında kənd təsərrüfatı, su idarəedilməsi və suvarma, infrastruktur, innovasiyalar, səhiyyə, ağıllı şəhər planlaşdırması və daha çox sahələrdə əməkdaşlığın artırılmasını gözləyirik.
İsrail səfirliyi qarşıdan gələn yeni ildə dost Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq diləyir!”, - deyə Doron Peer bildirib.