Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Bakı, 20 aprel, AZƏRTAC
Atam, Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin yubileyi günlərində Heydər Əliyev Sarayında onun “Zoluşka” operasının premyerasının keçirilməsindən çox xoşbəxtəm.
Bu barədə AZƏRTAC-a müsahibəsində azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu, NTV telekanalının baş prodüseri və baş direktorun müavini Timur Vaynşteyn danışıb.
“Mənə elə gəlir ki, bu tamaşa həm uşaqlar, həm də böyüklər tərəfindən çox sevilir, çünki bu, sadəcə, bir tamaşa deyil. Mən bunu uşaq müzikli adlandırıram. Moskvada “Helikon-Opera” musiqili teatrında bu tamaşa 2004-cü ildən böyük uğurla və daimi anşlaqla nümayiş olunur. Bu, həqiqətən də çox dəyərlidir. Sankt-Peterburqda və digər şəhərlərdə də bir neçə yeni səhnələşdirmə planlaşdırılır. Bu, daim səslənməyə layiq olan musiqidir”, - deyə T.Vaynşteyn qeyd edib.
O xatırladıb ki, “Zoluşka” operasının Bakıda ilk premyerası 40 il əvvəl baş tutub. “O zaman mənim 10 yaşım vardı. Möhtəşəm bir premyera idi. Bu musiqi bu günə qədər yaşayır”, – deyə Timur Vaynşteyn vurğulayıb.
“Zoluşka”nın yeni səhnələşdirilməsində “Helikon-Opera”nın bədii rəhbəri Dmitri Bertmanın, rejissor İlya İlyinin böyük rolunu qeyd edən T.Vaynşteyn operaya Yalçın Adıgözəlovun dirijorluq etdiyini bildirib. “İnanın, Bakıda uzun müddətdir ki, bu səviyyədə bir tamaşa təqdim olunmayıb. Biz çox sayda texnika gətirmişik. Onu bütün sərhədlərdən keçirərək gətirdik ki, Azərbaycanın yeni nəsil uşaqları böyük sənətlə tanış olsunlar, sevimli nağıllarını görsünlər və bundan zövq alsınlar”, – deyə Timur Vaynşteyn fikrini tamamlayıb.