CƏMİYYƏT
Toğrul Talışinski: Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan gözləntilərim çoxdur
Bakı, 10 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
İyirmi ildən çoxdur ki, Azərbaycandan kənarda yaşayıram. Həkim kimi ali təhsilimi ABŞ-da almışam və hazırda orada fəaliyyət göstərirəm. Amma ürəyim həmişə Azərbaycanladır. Vətənimiz birdir, ürəyimiz, düşüncələrimiz hər zaman onunladır.
Forumdan gözləntilərim çoxdur. Ən əsası səbirli və bir olmaq lazımdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, ABŞ-ın “ST.Joseph’s Health” xəstəxanasında Robotik-minimal invaziv cərrahiyyə bölməsinin direktoru Toğrul Talışinski söyləyib.
Foruma dəvət edildiyinə görə məmnunluğunu ifadə edən azərbaycanlı mütəxəssis deyib: “Sevindim ki, uzun illər xaricdə əldə etdiyim bilikləri öz ölkəmdə paylaşa biləcəyəm”.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin planlı şəkildə bir yerə toplaşması, forum çərçivəsində maraqlı müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edən T.Talışinski bu toplantıdan gözləntiləri barədə danışıb: “Azərbaycanlı alimlərin forumu ilk mərhələdir, gələcəyin bünövrəsidir. Forumdan çox şey gözləyirəm. Bir araya gəlmişik ki, vətənimizə töhfə verək, elmimizin inkişafı üçün səylərimizi ortaya qoyaq”.
T.Talışinski bildirib ki, forum çərçivəsində strateji plan qəbul ediləcək və bir ildən sonra görülən işlər barədə hesabat veriləcək.
Xatırladaq ki, sentyabrın 9-dan başlanan forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.