Tokioda yeni reallıqlar fonunda Özbəkistanla tərəfdaşlıq məsələləri müzakirə edilib
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Tokioda “Özbəkistan-Yaponiya ekspert dialoqu: Yeni şəraitdə strateji tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC Özbəkistanın “UzA” milli informasiya agentliyinə istinadla xəbər verir ki, iki ölkənin Xarici İşlər nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçıları qismində Özbəkistanın Beynəlxalq Münasibətlər üzrə İnformasiya-Analitik Mərkəzi və Yaponiyanın Beynəlxalq Münasibətlər İnstitutu çıxış ediblər.
Konfrans iştirakçıları Mərkəzi Asiya regionunun davamlı inkişafında Özbəkistan və Yaponiya arasında ikitərəfli münasibətlərin rolunu və çoxşaxəli qarşılıqlı fəaliyyətin perspektivli sahələrini müzakirə ediblər.
Agentliyin məqaləsində deyilir: “Ən yüksək səviyyədə zəngin və etibarlı dialoq praktiki əməkdaşlığın intensivləşdirilməsində əsas rol oynayır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2019-cu il dekabrın 17-20-də Tokioya rəsmi səfəri Özbəkistan-Yaponiya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində tarixi mərhələ oldu və ölkələrimiz arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırdı”.

Tədbir zamanı ekspertlər Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosedurlarını və əlverişli investisiya mühitinin yaradılması istəyini nəzərə alaraq, həmçinin ikitərəfli ticarət əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Konfransda qeyd olunub ki, ən çox güzəştli dövlət rejimi ölkələr arasında ticarətdə tətbiq olunur. 2024-cü ilin birinci rübündə ümumi ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 120,7 milyon dollara çatıb. İqtisadi Əməkdaşlıq üzrə Özbəkistan-Yaponiya Komitəsinin fəaliyyəti də ikitərəfli ticarət dinamikasına müsbət təsir göstərir.
Ekspertlər, həmçinin mədəni, humanitar və sosial sahələrdə əməkdaşlığın perspektivlərini, elm və təhsil sektorlarında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Məqalədə qeyd olunur ki, bu formatda ekspertlər səviyyəsində dialoqlar mütəmadi olaraq təşkil ediləcək. Növbəti tədbirin Daşkənddə keçirilməsi təklif edilib.