TOVUZDA PREZİDENT SƏRƏNCAMININ İCRASI İLƏ BAĞLI GƏNCLƏRİN ÜMUMRAYON TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tovuz şəhər stadionunda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı rayon gənclərinin toplantısı və futbol üzrə XVI Azərbaycan çempionatının açılışına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə məruzə edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov demişdir ki, gənclər böyük qüvvədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətində gənclərin rolunu və yerini həmişə yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev də Azərbaycanın indiki tərəqqisində, onun beynəlxalq arenada imicinin layiqincə qorunmasında gənclərin rolunu dönə-dönə vurğulamışdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti 2007-ci ili “Gənclər ili” elan etmişdir. Bu, gənclərimizə olan inamın ən parlaq təzahürlərindən biridir.
Tovuzda gənclər əhalinin 28 faizini təşkil etməklə rayonun ictimai, siyasi, mədəni və idman həyatında mühüm rol oynayırlar. Bu il ali məktəblərə sənəd verən 994 məzundan 315 nəfəri tələbə adını qazanmış, 12 nəfər 600-dən, 43 nəfər 500-dən çox bal toplamışdır. Bundan başqa, idmanın ayrı-ayrı növlərində, xüsusən taekvondo, sərbəst güləş, boks, voleybol, şahmat üzrə respublika və beynəlxalq yarışlarda layiqli yer tutaraq mükafatlar alan tovuzlular onlarcadır. Cari ilin mayında “Turan”ın yeniyetmələrdən ibarət komandasının respublika çempionu adını qazanması Tovuz futbolunun inkişafından xəbər verir.
Sonra icra hakimiyyətinin başçısı Prezidentin müvafiq Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədi ilə rayonda görülən işlərdən söz açmışdır.
Məruzə ətrafında rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, “Turan” futbol klubunun məşqçisi Nizami Ocaqverdiyev və başqaları çıxış etmişlər.
Böyük konsert proqramından sonra tədbir iştirakçıları “Turan” və “Olimpik” komandaları arasında XVI respublika çempionatının Tovuzda keçirilən ilk oyununa baxmışlar.