Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb
Bakı, 29 mart, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinə rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi qaydaları izah olunub. Saxlanılan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.
Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkarlanıb. Polis əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada rayon polis şöbəsinə gətiriblər. Polis şöbəsində həmin şəxslərə koronavirus infeksiyası barədə bir daha məlumat verilib, bu cür addımlarla həm özlərinin, həm də digərlərinin həyatlarını təhlükəyə atdıqları xatırlanıb. Bununla bərabər, mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.
Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkarlanıb. Rayon polis şöbəsinin əməkdaşları həmin mərasimdə iştirak edənlər barəsində də qanunamüvafiq tədbir görüblər. İştirakçılar inzibati məsuliyyətə cəlb olunublar.