Tovuzda yeni avtomobil tuneli inşa edilib VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi ilə bağlı Sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılan tikinti işləri yekunlaşıb.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ətrafda yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmir yolu xəttinin altından yeni avtomobil tuneli inşa edilib.
Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsinin (yanaşma yollar ilə birgə) ümumi uzunluğu 420 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarətdir. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr təşkil edir.
Tunelboyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və eni 1,20 metr olmaqla piyada səkilərinin inşası da layihə üzrə həyata keçirilib.
Tuneldaxili yolun eni hər iki istiqamət üzrə 4 metr, yan yolların eni 5-7 metr, hərəkət hissəsinin eni 4-6 metrdir. Layihə üzrə yolların genişləndirilməsi üçün söküntü, tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər görülüb.
Qeyd olunub ki, yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq buradan bütün avtonəqliyyat vasitələri istifadə edə bilər. Yeni inşa edilən piyada səkiləri vasitəsilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən öz yollarına davam edəcəklər.