Tovuzda yol hərəkəti qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar
Tovuz, 16 aprel, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkarlanması məqsədi daşıyan tədbir zamanı avtomobili sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyənləşdirilərək barələrində müvafiq tədbirlər görülüb.
Bundan başqa, “VAZ 2106” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini Zaur Nəsibov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinə nəticəsində Z.Nəsibovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Sürücü barəsində protokol tərtib olunaraq baxılması Tovuz Rayon Məhkəməsinə göndərilib.