QAN YADDAŞI
TRT “Qarabağın səssiz harayı” filminin təqdimatını keçirib
İstanbul, 1 aprel, AZƏRTAC
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ankarada Türkiyə Radio Televiziya (TRT) qurumunda təşkil edilən tədbirdə TRT-nin hazırladığı “Qarabağın səssiz harayı” filminin təqdimatı olub. TRT-də təşkil edilən mərasim soyqırımı qurbanlarının və Azərbaycanla Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra iki ölkənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və TRT-nin baş direktoru Şenol Gökan tədbirdə çıxış ediblər.
Daha sonra filmdən fraqmentlər nümayiş olunub.
Qeyd edək ki, 5 bölümdən ibarət olan film TRT Avaz kanalın efirində yayımlanmağa başlayıb. Filmin qalan bölümləri hər həftənin ikinci günü Bakı vaxtı ilə saat 18.40-da nümayiş olunacaq və 23.30-da təkrar göstəriləcək.
Bu ərəfədə TRT-nin müxtəlif kanalları Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı verilişlərə geniş yer ayırırlar. Diasporla iş üzrə dövlət komitəsi sədrinin müavini Valeh Hacıyev və Giresun Universitetinin rektoru Aygün Attar həmin proqramların qonağı oldular.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul