TUNİS SAMMİTİNƏ HAZIRLIQLA BAĞLI KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Tunis Sammitinin informasiya cəmiyyətinin formalaşması istiqamətində mühüm forum olduğunu diqqətə çatdırmışdır. O, Bakıda Beynəlxalq Qlobal İnformasiya-Kommunikasiya Texnologiyaları konfransının keçirilməsinin, hər il “Bakutel” sərgisinin təşkil olunmasının, “Elektron-Azərbaycan”, “Orta ümumtəhsil məktəblərinin informasiyalaşdırılması” Dövlət Proqramlarının, telekommunikasiyaya dair qanunların qəbul edilməsinin, “Elektron-idarəçilik”, “Seçkilər” sistemlərinin yaradılmasının və digər layihələrin həyata keçirilməsinin əhəmiyyətini nəzərə çarpdıran nazir Tunis Sammitinə yüksək səviyyədə hazırlıq aparıldığını vurğulamış, bu məqsədlə yaradılmış işçi qrupunun fəaliyyətini dəyərləndirmişdir.
İclasda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev işçi qrupunun fəaliyyəti və ona yaxından kömək edən təşkilatlar barədə ətraflı məlumat vermişdir.
Çıxış edənlər bildirmişlər ki, sammit çərçivəsində təşkil olunan sərgidə geniş sahədə “Azərbaycan” stendi qurulmuşdur. 67 nəfərlik nümayəndə heyəti sammitin uğurlu keçməsi üçün gərgin fəaliyyət göstərəcəkdir. Oxunacaq məruzənin mətni ingilis, fransız, ispan, rus və ərəb dillərinə tərcümə olunmuş, sammitdə və sərgidə iştirak edəcək şəxslər bu barədə məlumatlandırılmışlar.
Nazir Əli Abbasov iclasa yekun vuraraq, bir daha əmin olduğunu bildirmişdir ki, Azərbaycan sammitin ikinci mərhələsində də uğurlar əldə edəcəkdir.