TUNQUS METEORİTİNİN DÜŞDÜYÜ YERDƏ QƏRİBƏ GEOMAQNİT EFFEKTİ MÜŞAHİDƏ OLUNUR
Meteoritin düşdüyü güman edilən yerdə bir çox anomaliyalar baş verir. Məsələn, burada Yer üzündə minimal dozalarda rast gəlinən iridium xeyli miqdarda aşkar edilmişdir. (Yeri gəlmişkən, güman edilir ki, dinozavrların kökü məhz iridiumun yayılması nəticəsində kəsilmişdir). Burada geomaqnit effekti də qeydə alınmışdır. Y.Lavbinin fikrincə, bunu yalnız texnogen müdaxilə yarada bilər. O, əmindir ki, 1908-ci ildə Yerdən 10 kilometr aralıda yadplanetli kosmik gəmi kütləsi azı 1 milyard ton olan meteoritlə toqquşaraq planetimizə düşmüşdür. Alim hesab edir ki, əgər partlayış havada deyil, yerin səthində baş versəydi, planetdə həyat məhv olardı.
Bundan əvvəl Tunqus meteoritinin düşdüyü ərazidə kosmik fotoçəkiliş vasitəsilə diametri 500 metr olan krater aşkar edilmişdir. O, tayqanın dərinliklərində, ən uzaq yaşayış məskənlərindən 100 kilometr aralıda yerləşir.
Krasnoyarsk alimləri bu qənaətə gəlmişlər ki, yeni ekspedisiya Tunqus meteoritinin sirrinin açılması istiqamətində daha bir addım atmağa kömək edəcəkdir. Meteoritin düşdüyü yerə ilk ekspedisiya 1927-ci ildə təşkil olunmuşdu.