Tur-aksiya dövlətimizin başçısının gənclərə böyük önəm verdiyini bir daha göstərir
Zaqatala, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən ekskursiya turlarında Suraxanı rayonunun məktəbliləri də artıq üçüncü gündür ki, böyük şövqlə iştirak edirlər. Bu tur-aksiya uşaqların bölgələrimizdəki inkişaf prosesləri ilə yaxından tanış olmaları, doğma Vətənimizin hər qarışına dərindən bələd olmaları üçün geniş imkan yaradır.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Suraxanı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Yeganə Rəhimova Zaqatalada AZƏRTAC-a müsahibəsində deyib.
Tur-aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün icra hakimiyyətində xüsusi qərargahın yaradıldığını, qərargahın işinə təhsil, mədəniyyət sahələri üzrə təcrübəli mütəxəssislərin cəlb edildiyini diqqətə çatdıran Y.Rəhimova deyib: “Dövlətimizin başçısı bu layihə ilə gənclərimizə böyük önəm verdiyini, onlardan gələcəyimizin təminatçısı kimi çox şeylər umduğunu bir daha göstərir. Prezidentimizin tapşırığına uyğun olaraq, bu layihənin uğurla həyata keçirilməsi üçün çox gözəl şərait yaradılıb. Məktəblilər hər cür rahatlığı olan xüsusi avtobuslarla yeni salınan yüksək keyfiyyətli magistral avtomobil yolları ilə hərəkət edir, ən yüksək standartlara uyğun otellərdə qalırlar. Ekskursiya günlərində məktəblilərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi də diqqət mərkəzində saxlanılır, onlar üçün əyləncəli proqramlar, intellektual oyunlar, müsabiqələr, idman yarışları təşkil olunur”.
Noyabrın 14-də Suraxanı rayonundan bu marşrut üzrə daha bir qrupun ekskursiyaya çıxacağını diqqətə çatdıran Y.Rəhimova bu layihəyə görə rayon icra hakimiyyətinin kollektivi və məktəblilər adından Prezident İlham Əliyevə təşəkkürlərini bildirib.