Tur-aksiyalar şagirdlərə bölgələrimizlə yaxından tanış olmaq imkanı yaradır
Quba, 11 noyabr AZƏRTAC, Elxan YusifliAzərbaycanın dilbər guşələrindən olan Qubaya yola düşərkən məktəblilərin üzündəki sevinci görməyə dəyərdi. Şagirdlər bu tur-aksiyanı səbirsizliklə gözləyirdilər. Dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə ekskursiya edəcəyik. Əminəm ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiya şagirdlərimizin yaddaşında silinməz izlər buraxacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiya edən, paytaxtın Nəsimi rayonunun məktəblilərindən ibarət qrupun rəhbəri Fatimat Əliyeva deyib. O qeyd edib ki, bu tur-aksiyalar şagirdlərə bölgələrimizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənməkdə əvəzsiz imkan yaradır. Bu cür tədbirlər imkan verir ki, şagirdlərimiz savadlı, vətənpərvər, xalqını, millətini sevən vətəndaşlar kimi böyüsünlər.