Turan Bayramov: Dünya çempionu olmaqla tarixə düşmək istəyirəm
Bakı, 8 sentyabr, AZƏRTAC
Dünya çempionatına çox ciddi hazırlaşırıq. Motivasiyamız yüksəkdir. Məşqlərimiz gündə iki dəfə olmaqla davam edir. Düşünürəm ki, nəticələrimiz yaxşı olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kiloqram) sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.
22 yaşlı idmançı ilin ən vacib yarışını səbirsizliklə gözlədiyini bildirib: “Mundiala bir ildən artıqdır hazırlaşıram. Mənim çəkimdə güclü rəqiblər var, amma heç birindən çəkinmirəm. Favoritlər dünya və olimpiya çempionu olan Rusiya, Yaponiya və ABŞ idmançılarıdır. Bu səbəbdən mübarizənin gərgin keçəcəyini düşünürəm. Ən böyük hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir”.
Azərbaycanda 74 kiloqram çəki dərəcəsində dünya çempionunun olmadığını söyləyən T. Bayramov ilk imza atmaq istədiyini vurğulayıb: “Bu, bütün dünyada ən güclü çəki dərəcələrindən biri hesab olunur. Azərbaycanlı idmançı kimi ilkə imza ataraq dünya çempionu olmaq və tarixə düşmək istəyirəm”.