DÜNYA
Türkiyə gələn ildən kənd təsərrüfatı məhsulları istehsalının planlaşdırılmasını tətbiq edəcək
Ankara, 13 sentyabr, AZƏRTAC
Türkiyə səlahiyyətliləri kənd təsərrüfatı sektorunda iqlim dəyişmələrinə davamlılığı artıracaq və qida zəncirlərinin davamlılığını təmin edəcək istehsal planlaşdırılmasına keçidi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “Böyük iyirmilik” (G20) ölkələrinin kənd təsərrüfatı nazirlərinin Braziliyada keçirilən iclasında çıxışı zamanı bildirib.
Yumaklının sözlərinə görə, Türkiyədə planlı kənd təsərrüfatı istehsalının təşkili üzrə ilk addımlar artıq cari ildə atılacaq.
“Kənd təsərrüfatı məhsullarının istehsalının planlaşdırılması su ehtiyatlarının həcmlərinin nəzərə alınması ilə həyata keçiriləcək. Bununla da ən əlverişli bölgələrdə strateji əhəmiyyətli sortlar əkiləcək və bu da sözsüz ki, məhsuldarlığa təsir edəcək. Yəni biz harada və nə qədər məhsul yetişdirəcəyimizi planlaşdıracağıq”, - deyə türkiyəli nazir izah edib.
Yumaklı qeyd edib ki, iqlim dəyişmələri, pandemiya və münaqişələr qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.
“Sülhün təmin edilməsi ilə ərzaq sabitliyi arasında birbaşa qarşılıqlı əlaqə var”, - deyə o bildirib.
Yumaklı qeyd edib ki, yeni iqlim reallıqlarına uyğunlaşmaq və “Sıfır aclıq” konsepsiyasını həyata keçirmək üçün bütün tədbirləri görmək lazımdır. “İnsanların ərzaq almaq hüququnu təmin etmək vacibdir. Təəssüf ki, bu gün dünyada 800 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir. İqlim dəyişmələrinə maksimal dərəcədə uyğunlaşmaqda şəraitin formalaşdırılması üçün hər şeyi etmək vacibdir”, - deyə türkiyəli nazir bildirib.
G20 tədbiri çərçivəsində Yumaklı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla ikitərəfli görüş keçirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara