TÜRKİYƏ GƏNCLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ SUMQAYITDA
Şəhər Gənclər və İdman Baş İdarəsində görüşdə qurumun rəisi Musa Həsənov Sumqayıtın tarixindən, iqtisadi potensialından danışdı. O dedi ki, Sumqayıt əhalisinin 70 faizi gənclərdir, onlar əmək, təhsil və idmanda çox nailiyyətlər qazanmışlar.
İki şəhərin gəncləri arasında gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.
Nəsimi adına mərkəzi mədəniyyət və istirahət parkında Sumqayıt və Qarabük gənclərinin “Bir millət, iki dövlət” devizi ilə görüş-konserti oldu. Qonaqların və mügənnilərimizin ifasında Azərbaycan və türk mahnıları səsləndi. Gənclər əl-ələ verib rəqs etdilər.
Qarabük Gənclər Mərkəzinin sədri Ayxan Çağ AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, keçən il bu qurumun dəvətilə Azərbaycan nümayəndə heyəti onların qonağı oldu. İndi biz burada cavab səfərindəyik. Qarabük əməkçilər şəhəridir, 250 min nəfər əhalisi var.
Nümayəndə heyətinin rəhbəri dedi: “Biz türkdilli dövlətlərin gəncləri ilə əlaqələr yaratmaq, gələn il isə gənclər liderlərinin beynəlxalq forumunu keçirmək niyyətindəyik. Bu layihə azərbaycanlı həmkarları da maraqlandırdı. Gənclər və idman naziri Azad Rəhimovla görüşdə layihənin birlikdə həyata keçirilməsi haqqında razılaşma əldə edildi”.